Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə şahid qismində Cavid Hüseynov ifadə verib.
Cavid Hüseynov bildirib ki, Elşən İsmayılov onun bibisi oğludu, digər təqsirləndirilən şəxsləri isə tanımır: “Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mənsə ona dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidi, mən Rasimin telefon nömrəsini alıb onunla danışdım. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Lakin Elşən mənə dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdi. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda isə Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, onda Rasimi başqa xəstəxanaya aparardım”.
Daha sonra digər şahidlər ifadə verib. Proses fevralın 2-də davam etdiriləcək.
Fanat.az