Üç qız boksçumuz Avropa çempionatında medalı təmin etdi

Üç qız boksçumuz Avropa çempionatında medalı təmin etdi

Azərbaycanın üç boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 1/4 final mərhələsinin ilk günündə yığmanın üç üzvü çıxışını qələbə ilə başa vurub.

48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə Mahur Marikyanla (Ermənistan) döyüşüb. Boksçu hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb. Əlizadə yarımfinalda Silva Formela (Polşa) ilə üz-üzə gələcək.

50 kq-dakı Aynur Mikayılova Byanka Balintin (Almaniya) ardınca Lamprini Giannakopoulounu (Yunanıstan) da məğlub edib. İdmançı qarşılaşmanı 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Onun növbəti rəqibi Katerin Pumfri (İngiltərə) olacaq.

70 kq-dakı Emili Rzayeva isə rəqibi Olqa Filipçukun (Ukrayna) döyüşə gəlməməsi səbəbindən yarımfinala vəsiqə qazanıb. Boksçu növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.

Yarımfinala yüksələn hər 3 idmançı özü üçün ən azı bürünc medalı da təmin edib. Onlar bu raundun görüşlərinə oktyabrın 2-də çıxacaqlar.

Milli üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər