Böyükağa Hacıyev "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi oyundan razı qalıb:
"Çox gərgin oyun alındı. Qarşımıza qoyduğumuz məqsədə nail olduq, növbəti mərhələyə keçdik. 65-ci dəqiqədən sonrakı əvəzetmələr buna xidmət edirdi. Denis Silva sırf dayaq yarımmüdafiəçisi kimi oynadı, bunun bəhrəsini gördük. Qol imkanlarından istifadə etsəydik, oyundan qələbə ilə ayrılardıq. Rəşad Sadiqov istirahət edir. Futboldan bir az istirahət etməsi üçün ona icazə verilib. Qarşıdakı oyunlarda bizə kömək etməlidi. Bizdə uzunmüddətli istirahət olmur. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq, Topaz Premyer Liqasında zəif komanda yoxdu. Bütün komandalar “Neftçi”yə qarşı xüsusi istəklə oynayır. Qarşıda “Rəvan”la oyunumuz var, ciddi hazırlaşacağıq. Hücumda kifayət qədər güclü futbolçularımız var. Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Məqsəd İsayev Mahir Şükürovun mövqeyində xoş təsir bağışladı. Mən gənc futbolçuları əsas heyətə düşünmədən qoyuram. Çünki, futbolçularımın nəyə qadir olduğunu yaxşı bilirəm. Çempionluq şansımızı hələ itirməmişik. Kubokun finalına çıxsaq, rəqibin kimliyi fərq etməz. Çalışacağıq ki, bir daha ölkə kubokunu qazanaq. Mənim üçün bütün komandalar eynidi".
Qeyd edək ki, "Neftçi" və "İnter" arasındakı hər iki oyun heç-heçə başa çatıb - 1:1, 0:0. "Neftçi" səfər qolu sayəsində yarımfinala çıxıb.
Fanat.az