Koronavirus epidemiyasına görə daha iki çempionat dayandırılıb.
Fanat.Az xəbər verir ki, Almaniya Bundesliqası və Fransa Liqa 1-nin oyunları təxirə salınıb.
Almaniya Futbol Assosiasiyasının məlumatında bildirilir ki, Bundesliqa ilə yanaşı, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge”nin mübarizə apardığı II Bundesliqaya da fasilə verilib. Martın 17-dən aprel ayının 2-dək bu liqalarda oyunlar keçirilməyəcək. Bu həftəsonu Bundesliqada keçiriləcək növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq.
Fransa liqasının rəsmi saytının yaydığı xəbərdə isə qeyd edilir ki, qərar ölkə prezidentinin Fransada COVID-19 virusuna qarşı mübarizə çərçivəsində verdiyi sərəncama əsasən qəbul edilib: "Fransanın Peşəkar Futbol Liqasının Direktorlar Şurası Liqa 1 və Liqa 2-nin dərhal dayandılması barədə qərar qəbul edib".
Yarışın nə vaxt bərpa olunacağı barədə hələlik məlumat yoxdur.
Fanat.Az