Dünya çempionatının yarımfinalında keçirilən Braziliya - Almaniya oyunu almanların 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fanat.az xəbər verir ki, bu matç bir sıra məqamlarla əlamətdar olub.
İlk dəfə 7 qol
Braziliya millisi futbol tarixində ilk dəfə qapısından 7 qol buraxıb. "Sambaçılar" ən pis halda dünya çempionatında qapılarında 4 qol görmüşdülər. Belə ki, DÇ-1952-də Macarıstan Braziliyanı 4:2 hesabı ilə yenmişdi. Bu ölkə futbol tarixinə ən böyük hesablı məğlubiyyət kimi düşəcək.
Braziliya Haitinin vəziyyətinə düşdü
İlk yarıda 5 qol buraxan Braziliya Haitnin antirekordunu təkrarlayıb. Bu komanda DÇ-1974-cü iləd Polşa ilə oyunun ilk yarısında 5 qol buraxmışdı. İkinci yarıda daha 2 qol vuran polşalılar 7:0 hesablı qələbə qazanmışdı.
Almaniya isə rekorda imza atıb. Avropa təmsilçisi ilk dəfə dünya çempionatının matçında ilk 45 dəqiqəni 5 qolla tamamlayıb. Almaniya dünya çempionatında ən böyük hesablı qələbəsini 2002-ci ildə Səudiyyə Ərəbistanı üzərində qazanıb - 8:0.
Braziliyanın seriyası qırıldı
Braziliyanın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Cənubi amerikalılar artıq 12 ildi öz meydanında məğlubiyyət acısı yaşamırdı. Belə ki, braziliyalılar sonuncu dəfə evdə 2002-ci ilin avqust ayında Paraqvaya uduzmuşdu. Bundan sona baş tutan 42 oyunda məğlub olmamışdı.
Almaniya matçında həmçinin Braziliyanın 19 oyunluq məğlubiyyətsiz oyunlar seriyası qırılıb. "Sambaçılar" sonuncu dəfə 2013-ci ildə İsveçrə ilə yoldaşlıq oyununda yenilmişdi.
Fanat.az