Vyekoslav Tomiçlə yollarını ayıran "Xəzər Lənkəran" Bolqarıstan yığmasının qapısını heyətinə qata bilər. Fanat.az xəbər verir ki, Vladislav Stoyanov Lənkəran klubuna təklif olunub. Xəbəri "Xəzər Lənkəran"ın mətbuat xidməti də təsdiqləyib.
Vladislav Stoyanovun son iş yeri "Ludoqorets" olub. O, 2012/13 mövsümünün qış fasiləsində keçdiyi klubun heyətində 61 oyun keçirib. 27 yaşlı qolkiper 2012/13 və 2013/14 mövsümündə Bolqarıstan çempionluğunu, 2013/14 mövsümündə ölkə kubokunu qazanıb. O, əvvəllər Bolqarıstanın "Nafteks", "Pomorie", "Çernomorets" və Moldovanın "Şerif" klubunda çıxış edib. "Şerif"in heyətində 2 dəfə Moldova çempionluğuna (2009/10, 2011/12) sahib çıxan qapıçı ölkə kubokunu da qazanıb (2009/10).
2010-cu ildən milli komandaya çağırılan Vladislav 11 oyunda meydana çıxıb. "Transfermarkt" ona 2,2 milyon avro qiymət qoyub.
Fanat.az