Türkiyənin bütün liqalarında 2013/14 mövsümü başa çatıb. Fanat.az cari mövsümdə qardaş ölkədə oynamış futbolçularımızın statistikasını təqdim edir.
Türkiyənin peşəkar liqalarında 11 futbolçumuz çıxış edib. Onlardan biri Super Liqada, 9-u PTT 1-ci liqasında, biri isə Super Toto 2-ci liqada forma geyinib.
Qışda "Hannover 96"dan "Elağızspor"a icarəyə verilən Ali Gökdemir Super Liqada cəmi 1 oyuna çıxıb və 10 dəqiqə oynayıb. O, kubokdakı iki matçda 180 dəqiqə forma geyinib.
İlk dövrəni "Eskişəhərspor"da keçirən Ufuk Budak Super Liqada meydana çıxmayıb. Əvəzində A2 liqasında oynayıb. Qış fasiləsində "Qaziantep BB"yə keçən futbolçumuz 8 oyunda 705 dəqiqə forma şansı qazanıb. Ufuk bir müddət zədə səbəbindən meydandan kənarda qalıb.
Türkiyədəki ən uğurlu futbolçularımız Timur Temeltala Branimir Subaşiç olub. 2-ci liqada çıxış edən "Altınordu"nun formasını geyinən Timur 34 oyunda 2744 dəqiqə oynayıb və 4 qol vurub. 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü komandasının çempion olaraq PTT 1-ci liqasına yüksəlməsində əsas pay sahiblərindən biri olub.
Subaşiç isə "Orduspor"un uğurlarında pay sahibi olub. A millimizin sabiq hücumçusu 33 oyunda 2559 dəqiqə forma geyinib və 8 qola imza atıb. Ordu təmsilçisi Super Liqaya vəsiqə uğrunda play-off oyunlarına qatılsa da, uğur qazana bilməyib.
"Dənizlispor"da çıxış edən Saşa Yunisoğlu 18 oyunda 1461 dəqiqə, Arif İsayev 6 matçda 291 dəqiqə forma şansı qazanıb. İlk dövrədə "Tavşanlı Linyitspor"un formasını geyinmiş Usim Nduka 15 qarşılaşmada 1281 dəqiqə komandasına kömək edib.
Qapıçılarımız Andrey Popoviçlə Davud Kərimi PTT 1-ci liqada debüt edə bilməyib. Əvəzində onlar kubokda bir oyuna çıxıblar.
Yayda "Kahramanmaraşspor"a transfer olunan Fərid Quliyevlə Murad Axundzadə də uğursuzluqla üzləşib. Fərid 3 oyunda 29 dəqiqə forma geyinib. Murad isə debüt etməyib.
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| Timur Temeltaş | Altınordu | 34 | 2744 | 4 | 7 | 1 |
| Branimir Subaşiç | Orduspor | 33 | 2559 | 8 | 4 | 0 |
| Saşa Yunisoğlu | Dənizlispor | 18 | 1461 | 0 | 2 | 0 |
| Usim Nduka | T.Linyitspor | 15 | 1281 | 0 | 5 | 0 |
| Ufuk Budak | Qaziantep BB | 8 | 705 | 0 | 3 | 0 |
| Arif İsayev | Dənizlispor | 6 | 291 | 0 | 0 | 0 |
| Əli Gökdemir | Elazığspor | 3 | 190 | 0 | 0 | 0 |
| Andrey Popoviç | T.Linyitspor | 1 | 120 | 0 | 0 | 0 |
| Davud Kərimi | Fethiyespor | 1 | 90 | -1 | 0 | 0 |
| Fərid Quliyev | K.Maraşspor | 3 | 29 | 0 | 0 | 0 |
| Murad Axundzadə | K.Maraşspor | 0 | 0 | 0 | 0 | 0 |
| 1 – futbolçu, 2 – klub, 3 – oyun, 4 – dəqiqə, 5 – qol, 6 – sarı, 7 – qırmızı. | ||||||
Fanat.az