UEFA-nın əmsallar cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin son oyunları cədvəldə dəyişikliklərə səbəb olub. Amma bu dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib. Düzdü, yeganə təmsilçimiz “Qarabağ” Fransada “Sent-Etyen”ə uduzmayıb. Ağdam klubu rəqib meydanında 1:1 hesablı heç-heçə edib və ölkənin adının önünə daha 0,250 yazılmasına nail olub.
Cari mövsüm hesabımıza 3,375 əmsal yazan klublarımız rekorda imza atıb. Birmövsümlük göstəricidə rekordumuzun yenilənməsi ilə yanaşı, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinqdə də ən yüksək nəticəmizi göstərmişik. Belə ki, 2010-2015-ci illər üçün əmsalımız 12,250-yə çatıb.
Lakin bu rekord 29-cu pilləni tərk etməyə imkan verməyib. 28-ci olan Serbiya ilə fərqi 1,375 endirən Azərbaycan 30-cu yerdən uzaqlaşıb. Artıq ölkəmiz Slovakiyanı 1 əmsal qabaqlayır.
Xatırladaq ki, qrupdakı hər qələbəmiz 0,500, bərabərlik 0,250 əmsalla dəyərləndirilir.
Fanat.az