Seneqal millisindəki fəaliyyəti ilə məşhurlaşan fransız mütəxəssis Bruno Metsu vəfat eidb. Fanat.az xəbər verir ki, 59 yaşlı baş məşqçi bir ildən artıqdı müalicə olunduğu xərçəng xəstələyindən dünyasını dəyişib.
Qeyd edək ki, Metsu 2000-2002-ci illərdə Seneqal millisini çalışdırıb. Yığmanı Afrika Millətlər Kubokunun finalına çıxaran mütəxəssis DÇ-2002-də özündən söz etdirmişdi. Onun rəhbərlik etdiyi Seneqal A qrupunu 2-ci pillədə başa vurmuşdu. Qrupda vətəni Fransanı yenən Metsunun müsəlman olduğu ilə bağlı iddialar ortaya atılmış, hətta adını Abdullah Mestu olaraq dəyişdirdiyi deyilmişdi. Dünya çempionatının 1/8 finalında İsveçi yenən Seneqal ardından Türkiyəyə uduzmuşdu.
Bu səhər Fransanın Dunkirk şəhərindəki evində vəfat edən mütəxəssis Avropada "Lill" və "Valensiya" kimi komandaları çalışdırıb. O, son illərdə karyerasını ərəb ölkələrində davam etdirirdi. 2008-2011-ci illərdə isə Qətər millisinə rəhbərlik etmişdi.