İngiltərənin "Norviç" klubunun baş məşqçisi Kris Huqton komandanın ekiz futbolçuları Coş və Yakob Murpi qardaşları ilə bağlı maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, çalışdırıcı ekizləri ayırmaq üçün ilginc üsula əl atıb.
Belə ki, qardaşlar "Fulhem"lə Federasiya Kuboku matçında meydana çıxıb. İlk dəfə sentyabr ayında "Uatford"la Liqa Kuboku matçında ilk dəfə A komandanın formasını geyinən Coş Murpi "Fulhem"lə qarşılaşmanın 79-cü dəqiqəsində yerini qardaşı Yakoba verib. Bununla hər iki qardaş A komandasında oynamış olub.
Növbəti matçların birində eyni anda meydana çıxması gözlənilən qardaşlar haqqında "Norviç"in baş məşqçisi Kris Huqton "BBC Radio"ya danışıb. Çalışdırıcı bildirib ki, tək yumurta ekizi olan Murpi qardaşlarını meydanda ayırd etmək üçün onlara fərqli rəngdə buts geyinməyi tapşırıb: "Bunu əvvəlcədən onlara tapşırmışdım. Çünki eyni anda meydanda olduqları zaman onları bir-birindən ayırmaq çətin ola bilər. Ayırd edilməyəcək qədər eyni deyillər, oyun stilləri də fərqlidi. Amma belə daha yaxşı olar".
Qeyd edək ki, "Fulhem"lə matça Coş narıncı, qardaşı Yakob isə mavi rəngli buts geyinib.
Fanat.az