Azarkeş əfsanəyə yalvardı və ağladı: "Getmə..."

Azarkeş əfsanəyə yalvardı və ağladı: "Getmə..."

"İnter"in futbolçusu Xavyer Zanetti karyerasını bitirib. Fanat.az xəbər verir ki, 19 ildi geyindiyi Milan klubunun forması ilə dünən doğma meydanda sonuncu dəfə "Latsio"ya qarşı oynayan argentinalı oyunçu azarkeşləri məyus edib.

Matçın son dəqiqələrində bir azarkeş meydana çıxaraq göz yaşları içində Zanettiyə karyerasını bitirməməsi üçün yalvarıb. Mühafizəçilər həmin fanatı meydandan çıxarmaq istəyib. Lakin argentinalı futbolçu onu mühafizəçilərin əlindən alaraq bir müddət söhbət edib. Azarkeş bu söhbətdən sonra meydanı tərk edib.

Zanetti oyundan sonra verdiyi açıqlamada hər kəsə təşəkkür edib: "Bu anda nə qədər duyğusal olduğumu anlaya bilməzsiniz. Hər kəsə təşəkkür etdim. İndiyədək yeganə istəyim dünyanın hər yerində "İnter"i müdafiə etmək, onun uğuru üçün çalışmaq oldu. Ömrüm boyu "İnter"i sevəcəm. Sizdən də bunu istəyirəm. Bu möhtəşəm karyeranı, illəri yaşadığım, bu formanı geyindiyim üçün çox xoşbəxtəm. Bundan sonra nə edəcəyimi dəqiq bilmirəm. Amma nəsə etməliyəm. Məni sevdiyiniz üçün təşəkkürlər".

Qeyd edək ki, 1992-1995-ci illərdə Argentinanın "Talleres" və "Atletiko Banfield" klublarında çıxış edən Zanetti 1995-ci ildə - 21 yaşında "İnter"ə transfer olunub. 40 yaşınadək - 19 il Milan klubunun formasını geyinən argentinalı müdafiəçi 5 dəfə A Seriyasının, 4 dəfə ölkə kubokunun, 4 dəfə İtaliya Superkubokunun, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə Avropa Superkubokunun, 1 dəfə də klublararası dünya çempionatının qalibi olub.

Argentinanın U-23 yığmasında 12 oyun keçirən Zanetti həmin il Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. Müdafiəçi Argentinanın A millisində 145 oyun keçirib və 5 qol vurub. Zanetti 2 dəfə Amerika Kubokunun (Copa America, 2004, 2007), 2 dəfə Konfederasiyalar Kubokunun (1995, 2005) gümüş medalına sahib çıxıb, 1 dəfə Pan Amerika Oyunlarının (1995) qalibi olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər