Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL dünən son yoxlama oyununu keçirib. Təmsilçimiz Boluda məskunlaşdığı “Koru Otel”inin meydançasında Gürcüstan I divizionunun liderlərindən olan “Kolxeti 1913” ilə üz-üzə gəlib.
Matç qolsuz bərabərliklə bitib. Hərçənd, 89-cu dəqiqədə Təmkin Xəlilzadə hesabı açıb. Lakin top qapı xəttini keçsə də, hakimlərin anlaşılmazlığı "təyyarəçilər"in sevincini gözündə qoyub. Belə ki, oyun bitdikdən sonra xanım laynsman qolu qeydə aldığını bildirsə də, baş hakimi onu başa düşmədiyini söyləyib.
Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov (Stanislav Namaşko, 39/Taleh Əsədov, 85), Novruz Məmmədov, Laşa Kasradze (Adil Nağıyev, 46), Tural Nərimanov (Oskar Klyava, 59), Xuanfran, Orxan Lalayev (Asif Mirili, 69), Kərim Diniyev, Rəşad Abdullayev (Eduardo Konseysao Masiel, 78), Viktor İbekoyi (Tomi Kostadinov, 78), Elmin Çobanov (Təmkin Xəlilzadə, 57), Freddi Mombonqo (Con Enrike Kordoba, 65).
Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci dəfə meydandan “sülh”lə ayrııb. Təmsilçimiz bundan öncə qardaş ölkədəki ilk matçında İran U-21 ilə heç-heçə (2:2) oynayıb. “Təyyarəçilər” bundan savayı, “Mersin İdman Yurdu” və “Antalyaspor”a qalib gəlib (hər iki halda 2:1), “Balıkesirspor”a yenilib (1:2).
Qeyd edək ki, AZAL bu gün axşam saatlarında Vətəndə olacaq. Bakıda 2 günlük istirahətdən sonra futbolçular ayın 31-də bir araya gələcək.
Fanat.az