"Bizim namizədliyimizi dəstəkləyən, Azərbaycana etimad göstərənlərə təşəkkür edirəm". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.
Azərbaycanın İslam dünyasında rolu ilə bağlı fikir bildirən Azad Rəhimov ölkənin İslam Oyunlarına namizədliyinin irəli sürülməsindən və bu qərarın dəstəklənməsindən danışıb: "Əminəm ki, bu oyunlar xalqlarımızın birliyində böyük rol oynayacaq. Öz gücümüzü səfərbər edərək bu yarışları yüksək səviyyədə təşkil etməyə nail olacağıq".
Nazir İslam Oyunlarının büdcəsindən də danışıb: "Evsahibliyi sazişləri müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma və digər məsələlərdi. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq atletlər kəndi İslam Oyunları zamanı da istifadəyə veriləcək. Büdcədən danışmaq tezdi. Amma Olimpiya və Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq".
Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb: "Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdu. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, səhv etmədən mədəni proqramlar da təşkil edək".
Fanat.az