UEFA 2003/04-2012/13 mövsümləri ilə bağlı yeni hesabat açıqlayıb. Fanat.az xəbər verir ki, hesabatda "Benfika"nın son 10 ildə avrokuboklarda ən çox oyun keçirən komanda olduğu bildirilir.
10 ilin Avropa turnirlərində 119 matça çıxan Portuqaliya klubu Çempionlar Liqasında 56, Avropa Liqasında 63 oyun keçirib. Ötən mövsüm Avropa Liqasının finalında "Çelsi"yə uduzan "Benfika"nı 118 matçla 2005-ci ildə Çempionlar Liqasını və Avropa Super Kubokunu qazanan "Liverpul" izləyir. Üçüncü sırada da İngiltərə klubu qərarlaşıb. Belə ki, Avroliqanın son qalibi "Çelsi" son 10 ildə beynəlxalq miqyasda 117 oyuna çıxıb.
10 ildə avrokuboklarda ən çox oyun keçirən 5 klub
1. Benfika (Portuqaliya) - 119 (56 ÇL + 63 AL)
2. Liverpul (İngiltərə) - 118 (76 ÇL + 42 AL)
3. Çelsi (İngiltərə) - 117 (108 ÇL + 9 AL)
4. Barselona (İspaniya) - 113 (105 ÇL + 8 AL)
5. Bazel (İsveçrə) - 110 (38 ÇL + 72 AL), Styaua (Rumanıya) - 110 (32 ÇL + 78 AL)
(ÇL - Çempionlar Liqası, AL - Avropa Liqası)
2011/12 mövsümündə Çempionlar Liqasının qalibi olan "Çelsi" son 10 ildə bu turnirdə 108 oyun keçirərək bu göstəricidə lider olub. Çempionlar Liqasını indiyədək 4 dəfə qazanan və sonuncu dəfə 2010/11 mövsümündə kuboku başı üzərinə qaldıran "Barselona" və 1999/2000 mövsümündə UEFA Kubokunda final oynayan "Arsenal" Avropanın bir nömrəli klub turnirində 105 matç keçirərək ikinci pilləni tutublar. 2007/8 mövsümündə Çempionlar Liqasınının kubokunu muzeyinə aparan "Mançester Yunayted" 101 oyunla üçüncüdü.
Ölkə miqyasında da ingilislər birincidi. Belə ki, İngiltərə klubları son 10 ildə Çempionlar Liqaında 418 oyun keçirib. 381 matçla İspaniya ikinci, 333 oyunla Almaniya üçüncü olub. Fransa klubları Çempionlar Liqasında 241, Portuqaliya təmsilçiləri 177 matç keçirib.
10 ildə Çempionlar Liqasında ən çox oyun keçirən 5 klub
1. Çelsi (İngiltərə) - 108
2. Barselona (İspaniya) - 105, Arsenal (İngiltərə) - 105
3. Mançester Yunayted (İngiltərə) - 101
4. Real (İspaniya) - 96
5. Bavariya (Almaniya) - 95
Avropa Liqasının (UEFA Kuboku) son 10 ilində ən çox oyun keçirən klubu Rumıniya "Styaua"sıdı - 78 matç. 2005/2006 mövsümündə turnirin qalibi olan rumın klubunu 73 oyunla Portuqaliya "Sportinq"i izləyir. Avroliqada 72 oyun keçirmiş İsveçrənin "Bazel" klubu üçüncüdü.
Ölkə miqyasında İspaniya birincidi. İspanlar son 10 ildə bu turnirdə 387 oyuna çıxıb. 371 oyun keçirən Almaniya ikinci, 353 matça çıxan İngiltərə klubları üçüncü olub.
Tarixində 4 dəfə qazandığı Çempionlar Liqasında 3 dəfə də final oynayan "Barselona" son 10 ilin dəyərləndirməsinə görə, qrup mərhələsindən sonrakı mərhələlərdə 49 qarşılaşmaya çıxıb və bu göstəricidə birinci olub. "Çelsi"nin 46 matçla ikinci olduğu sıralamada ötən mövsüm Avropa və Almaniyada bütün kubokları qazanan "Bavariya" üçüncü yeri tutub - 39 oyun.
10 ildə Çempionlar Liqasında qrup mərhələsindən sonra ən çox oyun keçirən klublar
1. Barselona (İspaniya) - 49
2. Çelsi (İngiltərə) - 46
3. Bavariya - (Almaniya) - 39
4. Mançester Yunayted - (İngiltərə) - 37
5. Milan (İtaliya) - 36
6. Arsenal (İngiltərə) - 35
7. Real (İspaniya) - 34
8. Olimpik L (Fransa) - 28
9. İnter (İtaliya) - 27
10. Liverpul (İngiltərə) - 26
Hesabatda ötən mövsüm Çempionlar Liqası və Avropa Liqasında qeydə alınan hesablarla bağlı da statistika yer alıb. Məlum olub ki, ötən mövsüm avrokuboklarda oynanılan 692 oyundan 128-i (18.5 faiz) 1:0 hesabı ilə başa çatıb. Matçların 104-də 2:0, 79-da 1:1 hesabı qeydə alınıb. Oyunların 49-da (7 faiz) qol səsi çıxmayıb.