Arsen Venger 1000-ə çatdı

Arsen Venger 1000-ə çatdı
"Arsenal"ın baş məşqçisi Arsen Venger 1000-ci matçına çıxır. Fanat.az xəbər verir ki, fransız mütəxəssis həftəsonu "Çelsi" ilə qarşılaşmada yubileyini qeyd edəcək.
"Arsenal"ın rəsmi saytına danışan Venger ötən illəri ilə bağlı danışıb: "Zamanın nə qədər tez keçdiyini fərqinə varırsan. Sanki hər şey dünən olub. Bu qədər uzun bir zamanın keçməsinə inanmıram. Geriyə baxanda nə qədər uzun yol keçdiyimi görürəm. Buna rəğmən hələ də tək marağım, sevgim, ümidim və arzum bir sonrakı matçdı".
"Arsenal" səviyyəsində bir klubu uzun illər çalışdırdığı üçün xoşbəxt olduğunu deyən 64 yaşlı mütəxəssis rəhbərliyə təşəkkür edib: "Mənə bu şansı verdikləri və güvəndikləri üçün əməyi keçən hər kəsə təşəkkür edirəm. Hər çıxdığım matçda yeni bir şeylər öyrənirəm. Xüsusən məğlub olduğum matçlar mənə bir şeylər öyrədir. Belə oyunlarda analizlər edirəm, komandamızı və özümü ittiham edirəm, oyunçuların haraya qədər gedə biləcəyini və imkanlarını araşdırıram". 
Fransız məşqçi meydana çıxdığı 999 qarşılaşma arasında 2011-ci ildə Çempionlar Liqasında "Barselona" ilə oynadıqları görüşü və çempion olduqları "Everton" matçını unutmadığını bildirib. Venger şənbə günü "Çelsi" ilə keçirəcəkləri 1000-ci qarşılaşmasını da unutmayacağını deyib. 
17 ildi "Arsenal"ı çalışdıran Venger "Mançester Yunayted"dən ayrılan Aleks Ferqyusondan sonra bir komandanı ən çox çalışdıran mütəxəssisdi. Fransız mütəxəssis 1996-cı ildən başçılıq etdiyi "Arsenal"ı 3 dəfə Premyer Liqanın (1997/98, 2001/02, 2003/04), 4 dəfə Federasiya Kubokunun (1997/98, 2001/02, 2002/03, 2004/05) və 4 dəfə İngiltərə Superkubokunun (1998, 1999, 2002, 2004) qalibi edib. O, "Arsenal"dan əvvəl Fransanın "Nansi", "Monako" və "Naqoya Krampus" klublarına başçılıq edib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər