Mövsümün son "Qrand Slam"ı - Amerika Açıq Tennis Turnirini (Us Open) başa çatıb. Fanat.az xəbər verir ki, qadınların yarışında Serena Uilyams, kişilərin yarışında Rafael Nadal birinci olub.
Əvvəlcə qadınların yarışında final görüşü keçirilib. Həlledici matçda amerikalı Belarus təmsilçisi Viktoriya Azarenkanı sınağa çəkib. Hazırda dünya sıralamasında ilk iki pilləni tutan tennisçilərin yarışını Serena qazanıb - 2:1.
Qeyd edək ki, Uilyamsla Azarenka ötən mövsümdə də Amerika Açıq Tennis Turnirinin finalında da qarşılaşmışdı. Həmin vaxtda amerikalı tennisçi qalib olmuşdu. Viktoriyanı ardıcıl iki mövsümdə finalda yenən Serena karyerası ərzində 5-ci dəfə "Us Open"ə sahib çıxıb. İndiyədək 17 "Qrand Slam" qazanan Uilyams həmçinin 3.6 milyon dollarlıq mükafatı da əldə edib.
Kişilərin yarışında isə finalda dünya sıralamasında birinci olan serb Novak Cokoviç ikinci sıradakı ispan Rafael Nadalla qarşılaşıb. Nadal 3:1 hesablı qələbə qazanaraq "Us Open"in qalibi olub. Matç bitən kimi özünü yerə atan ispan tennisçi gözyaşlarını saxlaya bilməyərək ağlayıb.
Bununla da Cokoviç Amerika Açıq Tennis Turnirindəki uğursuzluğunu davam etdirib. Belə ki, serb tennisçi "Us Open"da oynadığı son 5 finaldan 3-də məğlubiyyətlə barışıb.
Nadal isə ikinci dəfə "Us Open"in, 13-cü dəfə "Qrand Slam"ın qalibi olub. 7 aylıq zədədən sonra kortlara dönən və 22 oyundu məğlubiyyət üzü görməyən ispan tennisçi fevral ayından bəri qatıldığı turnirlərdə, Fransa Açıq Tennis Turniri də daxil olmaqla 10-cu kubokunu qazanıb.
Fanat.az