Türkiyə millisinin meneceri Həmit Altıntop maraqlı açıqlama ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu Türkiyə Super Liqasının texnika, taktika və sürət baxımından səviyyənin aşağı olduğunu etiraf edib.
O, "Anadolu Agentliyi"nə müsahibəsində bunları dilə gətirib: "Liqanın keyfiyyəti çox aşağıdır. Bunu təəssüflə deyirəm. Texnika, taktika və temp baxımından səviyyə çox aşağıdır. Dinamik oyun ümumiyyətlə yoxdur. Hər dəfə eyni sxemi görürük, planlaşdırılmış oyun yoxdur. Bizdə fikrini daha çox hücuma, mübarizəyə yönəldən bir quruluş var. Ancaq müasir futbolda komandalar analiz, texnika və taktika baxımından o qədər təkmilləşiblər ki, bu üslubu çox asanlıqla zərərsizləşdirmək olar".
Həmit Altıntop, təcrübəli məşqçilər Fatih Terim, Mustafa Dənizli və Şenol Günəşin uzun müddətdən sonra eyni anda iş başında olmadıqlarını xatırladaraq, bu fikirləri dilə gətirib: "Dəyişiklik mütləq baş verir. Şenol Günəşə, Mustafa Dənizliyə və Fatih Terimə təşəkkür etmək istəyirəm. Onların təqaüdə çıxdıqlarını söyləmək istəmirəm, lakin dəyişiklik və motivasiya həmişə vacibdir. Gənc məşqçilərimiz var, fərq yarada bilirlər. Məsləhətləşməyə dəyər vermələri çox önəmlidir. Ən əsası isə davamlı məlumat toplayırlar. Telefonlar dayanmır, özlərini təkmilləşdirmək istəyirlər. Bu, bu gün də olmasa, sabah, birisigün Türkiyə futboluna müsbət təsirini göstərəcək. Mən bunlara inanıram".