"Hannover 96"nın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, ilk yarı bitəndən sonra Mirko Slomka ilə yollarını ayıran Ali Gökdemirin komandası Tayfun Korkutla anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, türk mütəxəssislə 2016-cı ilin 30 iyununadək müqavilə imzalanıb.
İlk dəfə bir klubun A komandasına rəhbərlik edəcək Korkut açıqlamasında rəhbərliyə təşəkkür edib: "Mənə güvənib bu fürsəti verdikləri üçün klub rəhbərliyinə təşəkkür edirəm. Qarşımızda çətin və məsuliyyətli vəzifələr durur".
"Hannover 96"nın idman direktoru Dirk Dufner Korkutun iş başına gətirilməsini klubun gələcəyinə hesablanmış addım hesab edib: "Tayfun Korkut bizi insanlığı, həyat tərzi və təhsili ilə cəlb etdi. Gənc olması əlavə üstünlükdü".
Qeyd edək ki, 1974-cü ildə "Ştutqart"da dünyaya gələn Korkut futbolçu karyerası ərzində "Ştutqart Kickers", "Fənərbaxça", "Real Sosyedad", "Espanyol", "Beşiktaş" və "Gənclərbirliyi"ndə çıxış edib. 1995-2003-cü illərdə Türkiyə millisində 42 oyun keçirib və 1 qol vurub.
39 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Real Sosyedad"ın U-19, "Hoffenhaym"ın U-17, "Ştutqart"ın U-19 komandalarına başçılın edib, 2012-2013-cü illərdə Türkiyə millisində məşqçilik edib.
Onu da qeyd edək ki, "Hannover 96"nın U-23 komandasında çıxış edən Ali Gökdemir əsas heyətin qış toplanışına cəlb olunub. Millimizin üzvü türk mütəxəssisin etimadını qazana bilsə, qış fasiləsindən sonra A komandanın formasını geyinə bilər.
Fanat.az