Aldığı pulu haqq edənlər - yanvarda gələn legionerlər

Aldığı pulu haqq edənlər - yanvarda gələn legionerlər

“Legioner yerlidən bir baş üstün olmalıdı” deyimi əbəs yerə formalaşmayıb. Doğrudan da əcnəbi statusu daşıyan futbolçu özünü yaxşı tərəfdən göstərməli, yad ölkədə komandasına verdiyi fayda ilə ön plana çıxmalıdı. Bəzən elita təmsilçilərinin bir ətək pul verib heyətinə qatdığı gəlmələr ümidləri doğrultmursa, aldığı pulu oyunuyla haqq edənlər də yox deyil. Bu qış premyer-liqa iştirakçılarının rənglərinə bağladığı legionerlərdən havayı yeməyə gəlmədiyini isbatlayanları yada salmaq dəmidi.

 

Yohan Bokonyano

 

Legioner seçimində dəfələrlə yanılan Kaxaber Tsxadadzenin bu mövsüm gətirdiklərinin də çoxu kölgəyə çəkilib. Şübhəsiz, gürcü mütəxəssis mayda bir neçə oyunçuyla yolların ayrılmasını istəyəcək. Fransa “İstr”indən gələn Yohan Bokonyano isə əsas heyətdə möhkəmlənməyi bacarıb. Vladimir Levin “Qəbələ”yə gedəndən sonra müdafiənin mərkəzinə yaranan boşluq məhz fransızla aradan qaldırıldı. Mübariz, taktika anlayışından xəbərdar, cüssəli Yohan “Neftçi”ylə “Bakcell Arena”da baş tutan son derbidə başla qol vuran legioner komandanın oyun üslubuna uyğun və faydalı fiqurdu.

 

Vilyam Tyeqo

 

Mustafa Dənizli dönəmində komandaya dəvət edilən əcnəbilər arasında Tyeqo müsbət mənada fərqlənir. Müdafiə xəttini gücləndirən braziliyalının Lənkərandakı “böyük oyun”da vurduğu avtoqol belə haqqında mənfi rəy bildirməyə əsas vermir. Vilyam hücumlara qoşulmağı bacaran, sərtliklə kobudluq arasındakı fərqi anlayan, sabit çıxışla yadda qalan oyunçudu. 1 qol vurmağa da imkan tapan “sambaçı” necə deyərlər, ölkəsinin adını batırmır.

 

Oka Akpoveta

 

“Rəvan”ın nigeriyalı hücumçusunun Danimarka “Bröndbü”sündə oynaması səviyyəsindən xəbər verir. Skandinaviya ölkəsini yanvarda Azərbaycana dəyişən Akpoveta sürətli və texnikalı oyunuyla yaxşı legioner imici qazananlardandı. Təsadüfi deyil ki, 23 yaşlı hücumçu “sarı-qırmızılar”ın formasında 1 qol və 2 ötürməylə adını fərasətlilər sırasına yazdırıb. Güvənc Kurtarın komandasının yanvardan bəri “bərk qoz”a çevrildiyini xatırlasaq, Oka yüksəlişi şərtləndirən adlardandı.

 

Tyaqo Mirasema

 

Hesabat turunda oyuna sonradan çıxıb “Sumqayıt”ın qapısına yol tapan Tyaqo Mirasema da “Rəvan”ın simasını müəyyənləşdirən yenilərdəndi. Əvvəllər “sarı-qırmızılar” oyunun gedişində hücumu gücləndirməyə fiqur tapmırdısa, bu gün Kurtar Mirasemanın timsalında komandanın dərdinə əlac tapıb. Rəqib qapılarına yol tapmaqla yanaşı, ön xətdə hərəkətliliyi artıran, oyuna dinamika gətirən braziliyalı yarımmüdafiəçi gününü keçirib ciblərini doldurmaq haqda düşünənlərə oxşamır.

 

Nedo Turkoviç

 

Bosniya və Hersoqovinalı hücumçu qol epizodlarına girməyi sevən, mövqe seçimiylə çoxlarına örnək olan oyunçudu. Bəli, məhdud büdcəyə malik AZAL Nedoya görə yüzminlərlə pul xərcləməyib. Onun “təyyarəçilər”in şərəfini qoruduğu üçün ildə uzağı 50-60 min dollar qazandığı dəqiqdi. Bununla belə, tez-tez şüvəlanlıların rəqiblərini topu tordan çıxarmağa məcbur edən Turkoviç əvəzolunmaz statusu qazanmaqdadı. Hə, AZAL-ın nəticələri ürəkaçan deyil və bu komanda adına üzücü görüntüdü. Lakin Nedonun əməyini yerə vurmaq insafsızlıq olar.

NİHAT, "Futbol+"

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər