A Seriyasının rəsmi saytı 2020/2021 mövsümünün mövqelər üzrə 4 ən yaxşı oyunçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, çempionatın ən yaxşı qapıçısı "Milan"ın qolkiperi Canluici Donnarummadır.
Belə ki, 37 oyunda 38 qol buraxan əlcək sahibi çıxdığı 14 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
"Atalanta"nın müdafiəçisi Kristian Romero arxa xətdə yer alan həmkarları arasında rəqib tanımayıb. 31 görüşdə forma geyinən Romeronun sərgilədiyi sabit oyun fonunda vurduğu 2 qol və hesabına yazdırdığı 3 məhsuldar ötürmə digərlərini qabaqlaması üçün kifayət edib.
Yarımmüdafiəçilərin ən yaxşısı adına "İnter"in üzvü Nikolo Barella layiq görülüb. 36 oyunda meydana çıxan Barella 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalmaqla yanaşı, həm də ən az səhvə yol verən orta xətt oyunçusudur.
33 görüşdə 29 qol vuran və komanda yoldaşlarının fərqlənməsinə 2 dəfə şərait yaradan "Yuventus"un forvardı Kriştianu Ronaldu isə ən yaxşı hücumçu olub.
Qeyd edək ki, Ronaldu 29 qolla A Seriyasının bombardiri, "Atalanta"nın yarımmüdafiəçisi Ruslan Marinovski 12 məhsuldar ötürmə ilə assistentlərin lideri, "İnter"in forvardı Romelu Lukaku mövsümün ən yaxşı oyunçusu elan edilib.
Atilla