FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda dünyanın 209 yığması yer alıb.
Son 4 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib. Buna seçmə və yoxlama oyunlarının nəticələri səbəb olub. Dəyişikliklər Azərbaycan yığmasının mövqeyinə də ciddi təsir edib.
Hesabında 264 xal olan komandamız 115-ci pilləyə yüksəlib. Ötən ay 198 xalla 139-cu pillədə olan yığmamızın 24 pilləlik sıçrayışına AVRO-2016-nın Malta ilə seçmə oyunundakı qələbə səbəb olub. 2:0 hesabı ilə qalib gələn millimiz qazandığı 66 xalla irəliləyib. 24 pilləlik sıçrayış isə millimizin tarixində ən böyük addımdı.
Ən böyük irəliləyişə isə Butan nail olub. Ötən ay 209-cu olan komanda 46 pillə inkişaf edib, 163-cü sıraya qalxıb. Bermud adaları 40, Timor-Leste 33, Nikaraqua 31, Hindistanla Suriya hərəyə 26 pillə irəli gedib. Bu inkişaf dərəcəsində 7-ci olan Azərbaycan millisi mövqeyini Amerika Virgin adaları ilə bölür.
Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamızı arxada qoyan və millimizlə şərik olan 7 komandadan heç biri UEFA-ya üzv assosiasiyaları təmsil etmir. Bu isə o deməkdi ki, dünyada 7-ci göstəriciyə malik yığmamız son siyahıda Avropa rekordçusudu. "Köhnə qitə"də ən böyük inkişafa nail olan millimizin yaxın izləyicilərimiz isə Uelslə Belarusdu. Onların hər ikisi 15 pillə irəliləyib. Sonuncular 98-ci yeri 83-ə, britaniyalılar isə 37-ni 22-yə dəyişib. Bu iki komanda, həmçinin Bruney ümumi inkişaf siyahısında 9-11-ci yerlərdə qərarlaşıb.
İlk “onluq”da da bəzi dəyişiklik qeydə alınıb. Fransa və İtaliya ən yaxşı 10 komanda sırasını tərk edib. Onların yerinə isə İsveçrə və İspaniya yüksəlib. Sonuncular 1, isveçrəlilərsə 3 pilləlik irəliləyişlə buna nail olub. Bundan başqa, Belçika 3-cü yeri Kolumbiyanın “əlindən alıb”. Braziliya isə Hollandiyanı 5-ci sıradan kənarlaşdırıb. Uruqvay da ötən ayla müqayisədə irəli addım atıb.
İlk “onluq”
1 (1). Almaniya - 1687
2 (2). Argentina - 1490
3 (4). Belçika - 1457
4 (3). Kolumbiya - 1412
5 (6). Braziliya - 1354
6 (5). Hollandiya - 1301
7 (7). Portuqaliya - 1221
8 (9). Uruqvay - 1176
9 (12). İsveçrə - 1135
10 (11). İspaniya - 1132
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi - İtaliya ilə Malta geriləyibsə, 2-si - Xorvatiya ilə Bolqarıstan irəli addım atıb. Yalnız Norveç mövqeyini qoruyub.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
13 (10). İtaliya – 1085
17 (19). Xorvatiya – 977
67 (71). Bolqarıstan - 505
70 (70). Norveç - 491
149 (145). Malta – 158
0
Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 603 xalla 4 pillə irəliləyərək, 52-cı yerə yüksəlib.
Fanat.az