Afrika futbolunun ən böyük kuboku öz sahibini tapıb.
Fanat.Az xəbər verir ki, Afrika Millətlər Kubokunun final qarşılaşmasında Seneqal və Mərakeş yığmaları üz-üzə gəlib. Şahzadə Mulay Abdulla stadionunda keçirilən gərgin mübarizənin ilk hissəsində qol səsi çıxmayıb.
Qarşılaşmanın 90+8-ci dəqiqəsində Mərakeşin xeyrinə verilən penalti qərarından sonra Seneqal millisi etiraz əlaməti olaraq meydanı tərk edib. Lakin bir neçə dəqiqə sonra Qərbi Afrika təmsilçisi yenidən yaşıl meydanlara qayıdıb. 90+24-cü dəqiqədə penalti zərbəsini yerinə yetirən Brahim Diaz fürsəti boşa verib və oyunun əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb.
Uzatma dəqiqələrinə sürətli başlayan Seneqal, 94-cü dəqiqədə Qeyenın vurduğu qolla önə keçib. Qalan dəqiqələrdə hesabı qoruyub saxlamağı bacaran Pape Tiavnın yetirmələri meydandan 1:0 hesablı qələbə ilə ayrılaraq kuboku başları üzərinə qaldırıblar. Beləliklə, Seneqal son dörd turnirdə üçüncü dəfə final oynayaraq, 2021-ci ildən sonra növbəti dəfə qitənin ən güclüsü olub.
Turnirin finalına qədər məğlubiyyətsiz irəliləyən ev sahibi Mərakeş, 50 illik çempionluq həsrətinə son qoya bilməyib. Sonuncu dəfə 1976-cı ildə kuboku qazanan "Atlas aslanları", 2004-cü ildən sonra yenidən gümüş medallarla kifayətləniblər.
Çempion olan Seneqal yığması 10 milyon dollar pul mükafatı qazanıb. İkinci yeri tutan Mərakeş 4 milyon dollar, yarımfinalçılar Nigeriya və Misir isə hərəyə 2.5 milyon dollar əldə ediblər. "Real Madrid"in ulduzu və Mərakeş millisinin üzvü Brahim Diaz turnir ərzində vurduğu 5 qolla yarışın bombardiri adını qazanıb.
Kamil Xudiyev