Bu yay Pepenin transferi ilə özündən söz etdirən "Beşiktaş" daha bir dünya ulduzunu heyətinə qatır. Fanat.Az xəbər verir ki, İstanbul klubu bir müddətdi danışıqlar apardığı Alvaro Neqredo ilə danışıqları yekunlaşdırıb.
"Hürriyət"in məlumatına görə, tərəflər arasında razılıq əldə olunub. Transferin yaxın günlərdə açıqlaması gözlənilir.
Alvaro Neqredo peşəkar karyerasına "Rayo Vallekano"da başlayıb. 2005-ci ildə "Real"ın B komandasına keçən futbolçu 2 il sonra 3 milyon avro qarşılığında "Almeriya"ya transfer olunub. Madrid klubu 2009-cu ilin 1 iyulunda 5 milyon avro ödəyərək onu heyətinə qaytarıb və həmin ilin 21 avqustunda 15 milyon avroya "Sevilya"ya satıb.
Forvard 2013-cü ildə 25 milyon avroya "Mançester Siti"yə transfer olunub. İki il İngiltərədə çıxış edən Neqredo 2015-də 28 milyon avro qarşılığında "Valensiya"ya keçib. Ötən mövsüm icarə əsasında İngiltərənin "Midlsbro" klubunda çıxış edən 31 yaşlı hücumçu 39 oyunda 10 qol vurub.
O, karyerası ərzində İspaniya "Kral Kuboku"nun, İngiltərə Premyer Liqasının və Liqa Kubokunun qalibi olub. 2009-cu ildən çağrıldığı İspaniya yığmasında keçirdiyi 21 oyunda 10 qola imza atan Alvaro 2012-ci ildə Avropa çempionatının qızıl medalını qazanıb.
Fanat.Az