"Tottenhem"in baş məşqçisi Joze Mourinyu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" portuqaliyalının söylədiklərini belə çatdırıb:
"Bir var Maradona, bir də var Dieqo... Maradona haqda danışmağıma ehtiyac yoxdur. Çünki, onu bütün dünya tanıyır və heç kim bu soyadı unutmayacaq. Dieqo barədə isə dostları çox söz deyə bilər. Əlbəttə, bir yox, bir neçə dəfə görüşmüşük. Telefonla da əlaqə saxlayırdıq. Çox böyük ürəyə sahib biri idi. İnternetdə Maradonanı tapa biləcəyik. Dieqonu isə yalnız xatirələrimizdə axtarmaq şansımız var. Ondan ötrü darıxacam. Özəlliklə, məğlub olduğum oyunlardan sonra daha mənə zəng etməyəcəyini düşününəndə çox pis olacam. Heç vaxt qələbələrdən sonra mənə telefon açmırdı. Uduzanda isə zəng vurur "Mo, ən yaxşı olduğunu unutma" deyirdi. Bilirdi ki, çətin anlarda dəstəyinə ehtiyacım var".
Fanat.Az