Niderlandın "Ayaks" klubu tarixi səhvə yol verib.
Fanat.Az xəbər verir ki, komandanın ən bahalı transferlərindən olan Sebastian Hallerin adını Avropa Liqası üçün UEFA-ya təqdim olunan sifarih ərizəsinə salmaq yaddan çıxıb.
Klub bu barədə yayılan xəbərləri təsdiq edib. "Hallerin adının UEFA-ya təqdim olunan siyahıda olmaması doğrudu. Səhvin hardan qaynaqlandığını müəyyənləşdirmək üçün Niderland Futbol Federasiyası və UEFA ilə müzakirələr aparırıq" deyə "Ayaks"ın açıqlamasında bildirilir.
Səhvin "Ayaks"dan qaynaqlandığı üzə çıxsa, Hallerin adı siyahıya salınmayacaq və futbolçu Avropa Liqasında oynaya bilməyəcək. Amma səhvin UEFA və ya Niderland Futbol Federasiyasında olduğu müəyyənləşsə, futbolçunun oynamasına icazə veriləcək.
Qeyd edək ki, Haller 2019-cu ilin yayında "Ayntraxt"dan (Frankfurt) "Vest Hem"ə 50 milyon avroya transfer olunub. İngiltərə klubu Kot-D`İvuar millisinin 26 yaşlı hücumçusunu "Ayaks"a 22,5 milyon avroya satıb. O, Amsterdam təmsilçisinin tarixində ən bahalı transferdi. Futbolçu klubun heyətində meydana çıxdığı 6 çempionat oyununda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onu da qeyd edək ki, "Ayaks" Avropa Liqasının 1/16 finalında Fransanın "Lill" klubu ilə üz-üzə gələcək. İlk oyun fevralın 18-də, cavab qarşılaşması isə bir həftə sonra gerçəkləşəcək.