AFFA və TFF türkiyəli futbolçuların Azərbaycanda azərbaycanlıların isə Türkiyə çempionatlarında legioner statusu ilə oynamamalarını müzakirə edir.
Fanat.Az-ın məlumatına görə, bunu assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov qardaş ölkənin mətbuatına açıqlamasında deyib:
"Hazırda çempionatımızda türkiyəli 2 futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah" komandasının formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".
Qeyd edək ki, hazırda Türkiyə Superliqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyə I Liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"dadır.
Fanat.Az